BAKI, 1 iyun — Sputnik. "Ötən gündən başlayan geomaqnit həyəcanlaşmasının bu gün və qarşıdan gələn günlərdə davam edəcəyi, hətta qasırğaya keçəcəyi gözlənilir".
“Report” xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
O bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin, o, daha da artacaq: "Yaxın saatlarda və 2 iyun tarixində 55% ehtimalla G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və müsbət polyarlığa malik böyük ölçülü və maraqlı formaya malik “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hal-hazırda “günahkar” plazma küləyini sürəti 600 km/saniyədir".
E.Babayev əlavə edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır: "Meteoroloji şəraitin dəyişmələri kosmik hava ilə yanaşı neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər".