CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili bankların ölkənin inkişafına necə töhfə verə biləcəyini dedi

Vahid Əhmədov: “Banklarda sağlamlaşdırma prosesi baş verməyənədək ÜDM-in artımına nail ola bilməyəcəyik”
Sputnik

BAKI, 31 may — Sputnik. “Nə qədər ki, bankların sağlamlaşdırılmasına nail olmamışıq Ümumi Daxili Məhsulun (ÜDM) artımında problemlər olacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki, 2017-ci ildə 2016-cı ilə nisbətən kredit qoyuluşu 25 faiz azalıb: “Kredit qoyuluşunun azalmasının əsas səbəbi ölkədə bank sistemində yaranmış ciddi problemlərlə bağlıdır. Hazırda ölkədə 30 bank fəaliyyət göstərsə də, onlardan ancaq 4-5-də tam kapitallaşma həyata keçirilib. Digər banklarda isə kapitallaşma, sağlamlaşdırma prosesi getməyib. Banklarda sağlamlaşdırma prosesi baş verməyənədək ÜDM-in artımına nail ola bilməyəcəyik”.

O, bildirib ki, 2017-ci ildə ÜDM-də cəmi 0,1 faiz artım olub: “Artımın az olmasını vergi güzəştləri ilə əlaqələndirirlər. Amma əvvəlki illərdə də vergi güzəştləri olub, ancaq, artım yuxarı səviyyədə olub”.

Millət vəkili əlavə edib ki, 2017-ci ilin dövlət büdcəsinin icrasında Dövlət Neft Fondundan transfertlərin azalması, ötən il manatın məzənnəsinin qorunub saxlanması müsbət haldır.