Bakı sakinləri artıq rahat yata bilərlər: O tutuldu

Əvvəllər məhkum olmuş 30 yaşlı oğlan sahibləri yatarkən evlərə soxulub qiymətli əşyaları aparırmış
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Bakıda mənzil sahiblərinin bərk yatmasından istifadə edərək evlərə soxulan və oradan pulları, qiymətli əşyaları aparan oğru saxlanılıb. Silsilə mənzil qarətlərinin üstünü Binəqədi Rayon Polis İdarəsi açıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Faktla bağlı əvvəllər məhkum olmuş 1988-ci il təvəllüdlü Vəliyev Vüsal Vahid oğlu saxlanılıb. Bu gün onunla əlaqəli 10-dək epizod üzrə cinayət işi açılıb. Vəliyev bütün oğurluqları gecə yarısı və səhər tezdən törədib.

Paytaxtda xüsusi təhlükəli oğru tutulub

Məlum olub ki, Vəliyev mayın 15-də saat 04:00-da Biləcəri qəsəbəsində yaşayan Qarayeva Günay Nemət qızının evinə girib. Qarayevanın evinin qapısı hansı səbəbdənsə səhərin erkən saatlarında açıq olub. Qarayeva yuxuda olarkən oğru onun evinə daxil olaraq qızıl-zinət əşyalarını, bijuteriyaları və mobil telefonları aparıb. Bir sözlə, ona 2250 manat dəyərində maddi ziyan vurub.

İki gün sonra Vəliyev həmin qəsəbənin digər sakini Abbasov Səttar Emil oğlunun evinə soxulub. O, saat 05:00 radələrində Abbasovun evinin ikinci mərtəbəsindəki açıq pəncərədən içəri daxil olub. Vəliyev evdən qiymətli əşyaları və pulları axtararkən evin sahibləri, kim bilir, bəlkə də onuncu yuxularını görürmüşlər. Lakin Abbasovların evinin erkən gəlmiş çağırılmamış qonağı özü ilə çox şey apara bilməyib. Cəmi 400 manat dəyərində qızıl-zinət əşyası aparıb.

Saxlanılan şəxs növbəti oğurluq əməlini mayın 19-da səhər saat 04:00 radələrində Biləcəri qəsəbəsində törədib. O, qəsəbə sakini Manafova Fəridə Xanbala qızının evinə daxil olaraq 200 manat dəyərindəki velosipedi oğurlayıb.

Vəliyevin oğurluq etdiyi günlər arasında 2 gün interval olub. Onun növbəti oğurluğu zamanı da ev sahibləri yuxudan oyanmayıblar. Lakin onların evində quraşdırdıqları videokamera Vəliyevi ələ verib. Videokameranın yaddaşına köçən anlar özgə evinə soxulan oğrunu tutmağa yardım edib.