BAKI, 31 may — Sputnik. 100% xarici kapitallı "AccessBank"ın İdarə Heyətinin Sədri və Baş Meneceri Rolf Reyxardt dünən vəzifəsini tərk edib.
"Marja" xəbər verir ki, Rolf Reyxardt səlahiyyət müddəti başa çatıb və Müşahidə Şurasının qərarı ilə bu müddət uzadılmayıb.
Xatırladaq ki, Rolf Reyxardt AccessBank-da öz fəaliyyətini 2014-cü ilin may ayında Maliyyə üzrə İcraçı Direktor vəzifəsində başlayıb və 2017-ci ilin aprel ayında İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. R.Reyxardt, 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risk idarəçiliyi üzrə müxtəlif vəzifələrdə çalışıb.
"AccessBank"ın İdarə Heyətinin Sədri vəzifəsi müvəqqəti olaraq İdarə Heyəti Sədrinin birinci müavini və Baş əməliyyat inzibatçısı olan Anar Həsənova tapşırılıb. Həmçinin onun namizədliyi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması üçün də irəli sürülüb. Əgər səhmdarlar Anar Həsənovu təsdiqləsələr, "AccessBank"ın tarixində ilk dəfə azərbaycanlı İdarə Heyətinin sədri olacaq.