Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 30 may — Sputnik. Azərbaycanda orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 30-52 faizini mənimsəyir. Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) dərc etdirdiyi "Abituriyent" jurnalının 12-ci sayında əksini tapıb.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyəti aşağı səviyyədədir: "Amma bunu Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının nəticələri əsasında müəyyən edə bilməz. Çünki qəbul imtahanlarında istifadə olunan test tapşırıqları tam şəkildə bütün tədris proqramını əhatə etmir. Nəzərə alsaq ki, abituriyentlərə 125 sual 5 fəndən təqdim olunur. Hər fəndən də 25 sual düşür. Ola bilər, məktəbdə şagirdin 5 qiymət aldığı mövzudan DİM qəbul imtahanında test tapşırığı salmasın”.
Ekspertin fikrincə, qəbul imtahanının nəticələri ilə orta ümumtəhsil məktəblərində şagirdlərin qiymətləndirilməsini müqayisə etmək düzgün yanaşma deyil: “Birincisi, "Təhsil haqqında" Qanunun tələblərinə və digər normativ aktlara görə, orta ümumtəhsil məktəblərinin funksiyası və səlahiyyəti ali məktəbə abituriyent hazırlamaq deyil, vətəndaş, şəxsiyyət yetişdirməkdir. DİM isə şagirdlərin maksimum biliklərini yoxlayır, müqayisə edir".
“İkincisi, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqları standartlara uyğun deyil, yəni, aşağı səviyyədədir. Diaqnostik qiymətləndirmədə 151 min müəllimin 45 faizi öz ixtisası üzrə minimum biliklərə cavab verə bilməyib. Yəni çox zəif nəticə göstəriblər", — Əsədov deyib.
Ekspertin sözlərinə görə, DİM-in ortaya qoyduğu statistikalar vəziyyətin heç də qənaətbəxş olmadığını göstərir: "Qəbul imtahanlarındakı nəticələr orta ümumtəhsil məktəbin nəticəsi deyil. Yüksək bal toplayan abituriyentlərin məktəblərdə adları gedir, özləri isə repetitor yanına, hazırlıq kurslarına gedirlər. Yəni yüksək bal toplamaq hazırlıq kurslarının, repetitorların nəticəsidir".
"26 ildən çoxdur ki, qəbul imtahanlarını DİM həyata keçirir. Onların seçdiyi kadrlar artıq əmək bazarında şagird yetişdirirlər. Özləri vaxtında düzgün seçim etsəydilər, bu gün təhsilin aşağı səviyyədə olmasından narazı olmazdılar. 26 il ərzində əmək bazarının, demək olar ki, 90 faizdən çoxunu məhz DİM-in seçdiyi kadrlar təşkil edir. Deməli, onların seçimi düzgün deyil. Məsələnin kökündə bu, dayanır", — deyə o bildirib.
Təhsil eksperti Etibar Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında DİM-in bu göstəricisinin, təxminən 10 il bundan öncəki göstərici ilə üst-üstə düşdüyünü deyib: "Düzdür, müəyyən dövrdə yüksəlişlər olub. Yəni məktəb proqramının mənimsənilməsi istiqamətində müəyyən irəliləyişlər olub”.
Ekspert bu cür təhlilləri vacib hesab edir: “Bu sahədə çox ciddi işlər görülməlidir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Bunun müqabilində müəllimlərin əmək haqqında ciddi artımlar olub. Bu, müəyyən yüksəlişlərə gətirib çıxarmalı idi. Ancaq təəssüf ki, məktəblərdə problemlər qalır və bu, birbaşa müəllimlər ilə bağlıdır. Düşünürəm ki, müəllimlər fənləri tam və hərtərəfli şəkildə şagirdlərə tədris edə bilmirlər".
E.Əliyev hesab edir ki, müəllimlərin attestasiyası həyata keçirilməlidir: "Baxmayaraq ki, müəllim korpusunda müəyyən yeniliklər olub. Yəni yaşlı nəsil tədris prosesindən kənarlaşdırılıb, yeni nəsil müəllimlər məktəblərə cəlb olunub. Buna baxmayaraq, məktəb təhsilinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində çox ciddi işlər aparılmalıdır. Əks təqdirdə, bu göstəricilər davam edəcək".
Ekspertin fikrincə, hazırda dünyada ən təhlükəli tendensiya funksional savadsızlığın genişlənməsidir: "Məhz məktəb proqramının normal səviyyədə yerinə yetirilməməsi funksional savadsızlığın artmasına səbəb olur. Yəni yazmağı, oxumağı və fikrini izah edə bilməyən gənclərin sayının çoxalmasına gətirib çıxarır. Orta məktəb şagirdlərə oxumağı, yazmağı, saymağı və fikrini ifadə etməyi öyrətməlidir".
Əliyevin sözlərinə görə, dərsliklərin yazılmasında problemlər qalır: "Ən ciddi problemlər riyaziyyat, təbiət fənlərinə aid dərsliklər ilə bağlıdır. Bu dərsliklər yenilənməlidir. Dərsliklərin yazılması üçün geniş tərkibdə müəllif axtarışına başlamaq lazımdır. Dərslikləri Qiymətləndirmə Şurasının işi gücləndirilməlidir. Dərsliklərdə də problemlər var. Bu da təsiredici faktordur. Əgər dərsliyi müəllim başa düşmürsə, şagird heç vaxt başa düşməyəcək. Sovet dönəmində yazılan dərslikləri həm müəllim, həm də şagird başa düşürdü".