BAKI, 30 may — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Hadi Rəcəbli qanun layihəsinin 6 fəsil, 37 maddən ibarət olduğunu söyləyib.
Bu qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.
Layihədə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.
Layihədə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib.
İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
Bu qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
Layihə III oxunuş Milli Məclisin plenar iclasına tövsiyə edilib.