SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Merkel Ərdoğanı Almaniyaya dəvət etdi - Seçkidən sonra

Qeyd edək ki, 25 il əvvəl Almaniyanın Solingen şəhərində irqçi hücum nəticəsində 5 türk vətəndaşı ölüb
Sputnik

BAKI, 29 may — Sputnik. Almaniya kansleri Angela Merkel iyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra prezident Rəcəb Tayyib Ərdoğanı Almaniyaya səfərə dəvət edib. Sputnik Türkiyə xəbər verir ki, Merkel bu fikirləri Solingen faciəsinin 25 illiyi münasibəti ilə Almaniyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bildirib.

Qeyd edək ki, 25 il əvvəl Almaniyanın Solingen şəhərində irqçi hücum nəticəsində 5 türk vətəndaşı ölüb.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezident Ərdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri nəzərə alaraq köhnə sistemin problemlərinin ən qısa zamanda həll edilməsinin lazım olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Türkiyədə yeni rəhbərliyə keçid daha da tezləşdirilməlidir.

Maraqlıdır ki, nəzəri olaraq iyunun 24-də keçiriləcək seçkilərdə Ərdoğan qalib gəlməyə də bilər. O halda Merkelin niyə məhz onu dəvət etdiyi maraq doğurur.