BAKI, 28 may — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada İŞİD ilə əlaqəli olan yeni terror təşkilatlarının ortaya çıxdığını iddia edib.
Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Lavrov Suriyada ABŞ-ın nəzarətindəki Əl Tanf bölgəsində İŞİD ilə əlaqəli olan yeni terror təşkilatlarının ortaya çıxdığını söyləyib. Lavrov bunun Vaşinqton ilə Moskva arasındakı müqavilələrə zidd olduğunu bildirib.
ABŞ-ın Əl Tanf bölgəsindən güclərini geri çəkəcəyi ilə bağlı iddialara münasibət bildirən Lavrov bunun reallıq olacağına ümid etdiklərini deyib.
Lavrov Rusiyanın regionda terror təşkilatı qurmasına dair ABŞ-a bir neçə dəfə xəbərdarlıq etdiyini bildirib: "Bu vəziyyət, Suriyanın cənubunda gərginliyi azaltmağa yönələn işlərə uyğun gəlmir. Bu sahədə diplomatlar və hərbi rəsmilər səviyyəsində təmaslar davam edir".
Suriyanın cənubunda İsrail və digər qüvvələrin varlığına dair sualı cavablandıran Lavrov deyib: "Regionda Suriya ordusu qüvvələrindən başqa bütün qüvvələr geri çəkilməlidir. Suriyanın İsrail sərhədində təkcə Suriya ordusu olmalıdır".