BAKI, 28 may-Sputnik. ABŞ-la daha da yaxınlaşmaq istəyən Polşa rəhbərliyi, ölkədə qurulacaq daimi hərbi baza qarşılığında ABŞ-a 2 milyard dollar təklif edib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Polşa, Rusiyanın Ukrayna ilə yaşadığı böhran səbəbindən təhlükəsizlik ilə bağlı narahatlıq içərisindədir.
Polşa Müdafiə Nazirliyinin sənədində deyilir ki, sözügedən təklif ABŞ-ın Polşaya uzunmüddətli zirehli qoşun yerləşdirməsi üçün açıq ehtiyacı olduğunu göstərir. Polşa 1.5-2 milyard dollar məbləğində dəstək verməyə hazırdır. Birgə hərbi müəssisələrin yaradılması və ABŞ güclərinin çevik hərəkət etməsi təmin olunacaq.
Bu məsələyə Rusiyadan reaksiya verilib. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın NATO-nun genişlənməsinə cavab verməyə hazır olduğunu vurğulayıb. Peskov bildirib ki, NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə doğru genişlənməsi regionda təhlükəsizliyə və sabitliyə heç bir şəkildə töhfə vermir. Əksinə, Rusiya hər dəfə bu şəkildə pozulan tarazlığı yenidən qurmaq üçün cavab tədbirlər görəcək.
Peskov bildirib ki, ABŞ hərbi bazasına ev sahibliyi etmək hər bir ölkənin öz qərarıdır. Amma bunun Avropadakı ümumi təhlükəsizlik atmosferi üçün doğuracağı nəticələri də aşkardır.