BAKI, 26 may — Sputnik. Yaxın Şərqin ardınca deyəsən Orta Asiyanın da fitili çəkilir. İndiyə qədər sanki diqqətdən kənarda qalan bölgədə ciddi proseslər başlamaqdadır və bütün bunların arxasından üçüncü tərəfin silueti görünür.
ABŞ hökuməti Türkmənistandan bütün pambıq məhsullarının idxalını qadağan edib.
Türkmənistana hədə gələn Vaşinqton digər Orta Asiya ölkəsinə, bölgənin ən mühüm oyunçusu olan Özbəkistana əl uzadıb. ABŞ prezidenti D.Tramp özbəkistanlı həmkarı Ş.Mirziyoyevin bu ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş ambisiyalı islahat proqramını yüksək qiymətləndirərək, vicdan məhbuslarının azad edilməsini, sistemli uşaq əməyinin aradan qaldırılmasını, habelə icbari əməyin azaldılmasında böyük irəliləyiş olduğunu qeyd edib.
ABŞ bəyan edir ki, Vaşinqton bölgədə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə can atır. Birləşmiş Ştatların başlıca məqsədi Xəzər sahilində, İranla Rusiyaya bitişik ərazilərdə öz maraqlarının yeridilməsi üçün şəraitin yaradılmasıdır. Bu gün Rusiya Mərkəzi Asiyadan neft və qaz nəqlində inhisara malik deyil və Vaşinqton bu amildən istifadə etmək niyyətindədir.
ABŞ-ın hədəfində yalnız Orta Asiya deyil. Əfqanıstan, Pakistan və Hindistanı bir siyasi müstəvidə birləşdirməyə nəzərdə tutan ABŞ Ümumdünya Bankı və Avropa Yatırım Bankının vəsaitləriylə Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistanı birləşdirəcək beynəlxalq layihəni işə salmaq istəyir. Görünür, bu məsələdə Özbəkistana xüsusi rol ayrılıb. Özbəkistan prezidentinin Orta Asiya ölkələrinin yeni ittifaqının yaradılmasına çalışması və bunun ardından Trampın təşəkkürünü alması da təsadüfü deyil. Tacikistan prezidenti Emomali Rahmon da etiraf edir ki, Özbəkistan prezidenti həm öz ölkəsində, həm də Orta Asiyanın digər respublikalarında o dərəcədə populyarlaşıb ki, istənilən siyasətçi ona həsəd apara bilər.
Mirziyoyevin qısa hakimiyyəti dövründə Daşkəndlə Düşənbə arasında əvvəl soyuq olan münasibətlər dostluğa çevrilib və bu məsələdə də Vaşinqtonun Orta və Mərkəzi Asiyaya yönəlik siyasi kursunun izləri görünür. Mirziyoyev Qırğızıstanla da sıx münasibətlər qurur.
İslam Kərimovun şübhəli ölümündən sonra Mirziyoyevə "stavka" edilməsinin səbəbi indi anlaşılır.
Görünən budur ki, Vaşinqton "Asiya baharı" ssenarisi mövcuddur. Odur ki, sual yaranır — "ölməyə növbəti namizəd Nazarbayevdirmi?" Özbəkistanın ardınca Qazaxıstan da nəzarətdən çıxarsa, o zaman, Orta Asiyada xaosun yaşanacağı qaçılmazdır. Bu gün Mirziyoyevi qəhrəman ranqına qaldıran Qərb Qazaxıstanda demokratik alternativ kimi yeni namizədin peyda olmasını arzulayır və bu plan üçün ən böyük maneə məhz Nazarbayevdir. Nazarbayevin ölümündən sonra "beynəlxalq ictimaiyyətin dəstək verəcəyi lider" millətçi və anti-Rusiya şüarları ilə çıxış edə bilər. Bu isə Qazaxıstandan alovlanacaq xaosun bütün Mərkəzi Asiyanı öz ağuşuna alması anlamına gəlir. Istənilən halda, bölgənin iki mühüm oyunçusundan birinin həyatdan getməsi son on illər boyunca formalaşmış siyasi kursu zədələdi. Bir sözlə, ABŞ Orta və Mərkəzi Asiyada yeni planlar hazırlayır və görünən budur ki, Asiyanın qan gölünə dönəcəyi günə çox qalmayıb…