BAKI, 25 may — Sputnik. Dünən dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru), içərisində iki nəfərin meyiti olan rezin qayıq aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qayıq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyatı üzrə təhvil verilib. Meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.