Konstitusiya qanununa dəyişikliklər edilir

Ələt azad iqtisadi zonasında normativ hüquqi aktlardan fərqli hüquqi tənzimləmə tətbiq ediləcək
Sputnik

BAKI, 25 may — Sputnik. Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik barədə məlumat verib.

O deyib ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin qəbulu ilə bağlı "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa dəyişiklik nəzərdə tutulur. Komitə sədri bildirib ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi çox mühüm sənəd olduğu üçün normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.

Dəyişikliyə əsasən, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanuna aşağıdakı məzmunda 5.4-cü maddə əlavə edilir. Əlavəyə görə, "5.4. Ələt azad iqtisadi zonasının ərazisində "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.".

Qeyd edək ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun 5-ci maddəsi "Bu Konstitusiya Qanununun tətbiq dairəsi" adlanır.

Millət vəkili Qüdrət Həsənquliyev normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikiyi Konstitusiyaya zidd adlandırıb, layihənin əleyhinə çıxıb. Millət vəkili Rəfael Cəbrayılov isə deyib ki, qanun layihəsi Konstitusiyaya zidd deyil.

Müzakirələrdə digər deputatlar da təkliflərini irəli sürüblər, dəyişikliyi müsbət hesab ediblər. Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.