Avropada gürcü mafiyasına böyük zərbə

Ötən gün Yunanıstanda keçirilən əməliyyat ölkənin bütün ərazisini əhatə edib
Sputnik

BAKI, 23 may — Sputnik. Yunanıstan polisi mütəşəkkil cinayətkar qrupun üzvü olan 21 nəfəri həbs edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərdən 18-i Gürcüstan vətəndaşıdır, qalan üçü isə Yunanıstan, İraq və Bolqarıstandandır.

Afina polisinin rəsmi nümayəndəsi İoanna Rotzioku saxlanılan qrupun ən iri cinayətkar şəbəkə olduğunu qeyd edib. Onun sözlərinə görə, zərərsizləşdirilmiş şəbəkənin özəlliyi ondan ibarətdir ki, o, bir-birindən asılı olmayan, lazım gəldikdə isə əlbir olan dörd qrupdan ibarət olub.

Ötən gün Yunanıstanda keçirilən əməliyyat ölkənin bütün ərazisini əhatə edib.   

Saxlanılanlar 24-64 yaş arasındadırlar. Onlar 70 mənzil oğurluğu, silahlı soyğunçuluq, narkotik maddələrin satışı və digər cinayətlər törətməkdə ittiham olunurlar.