Daha bir deputat sosial şəbəkələri hədəfə aldı: "Ailələrdə ciddi problemlər yaranır"

Hadi Rəcəbli: "Ailələrin dağılmasının səbəblərindən biri "Facebook" və digər saytlardır"
Sputnik

BAKI, 23 may — Sputnik. Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri "Facebook" və digər saytlardır. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən tədbirdə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, ailələrin dağılmasında, boşanmalarda, erkən nikahlarda sosial şəbəkələr, "Facebook" və s. kimi zərərli amillər böyük rol oynayır: "Çünki çoxları sosial şəbəkələrdən əyləncə kimi istifadə edirlər və nəticədə ciddi problemlərlə qarşılaşırlar".

Millət vəkili ailədaxili konfliktlərdə övladların ələbaxımlılığa öyrədilməsinin "böyük" rol oynadığını deyib: "Ailələrdə qızı da, oğulu da ələbaxımlılığa öyrədirlər. Onların hər ikisi də işləyə, pul qazana bilər, amma valideynlər bunu etmirlər və həmin gənclər sonradan ailə quranda ciddi problemlər yaranır".

Komitə sədri onu da bildirib ki, ölkədə çoxuşaqlılıq azalıb: "Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, hazırda 2 uşaq doğulur".