CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi hərbçilərin ölüm xəbərinə aydınlıq gətirdi

“Bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək”
Sputnik

BAKI, 22 may — Sputnik. "Bəzi elektron KİV-də Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti surətdə təkzib edirik". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat verdi: "Qoşunların təmas xəttində..."

Məlumatda qeyd olunur ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu ölüb.

Avtomobildə olan digər sərnişin, M. Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

"Son dövrlərdə bəzi KİV yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər. Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirilməsi vacibdir.

Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək" – deyə məlumatda bildirilir.