CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binəqədidəki partlayışla bağlı vəzifəli şəxs həbs edildi

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Sputnik

BAKI, 22 may — Sputnik. Bakı şəhər Prokurorluğu kafedə baş verən partlayışla bağlı məlumat yayıb.

Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, mayın 21-də, saat 15.00 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada iki nəfərin ölümü ilə nəticələnən propan qaz balonlarının partlaması ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə rayon prokurorluğunun, polis idarəsinin, Regional Qaz İstismar Departamentinin Binəqədi istismar idarəsinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Yəhudilərin bayramında partlayış baş verib, onlarla yaralı var

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hadisə nəticəsində çayxananın işçisi Saatov Söhrab Yusif oğlu, həmin vaxt orada olmuş müştəri İbrahimova Mömünə Rəhim qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib, çayxanada olmuş digər müştəri İbrahimov Natiq Zahid oğlu və çayxananın işçisi İbrahimova Şəkər Xosrov qızı isə 5 №-li Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdiriliblər.

N.İbrahimov mayın 22-də xəstəxanada ölüb, Ş.İbrahimovanın isə müalicəsi hazırda davam etdirilir.

Cinayət işi üzrə “Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.