MƏDƏNİYYƏT

Azərbaycanlı uşaqlara sirlər öyrədən rus qadın: "Valideynlər mane olurlar"

"Onların sırasında gələcəyin Tahir Salahovları, Səttar Bəhlulzadələri ola biləcək şagirdlər olsa da, valideynlər övladlarının incəsənəti seçməsində maraqsızdır"
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Tarixi inkişafın göstəricisi olan incəsənət növləri bu gün də məktəblərdə tədris olunur. Onların öyrədilməsi üçün çox geniş olmasa da, dərslər ayrılır. Lakin çox vaxt valideynlər və şagirdlər bu dərslərə ciddi yanaşmırlar. Həmçinin müəllimlər də uşaqlara ancaq rəngli qələm və rəsm dəftəri aldırmaqla kifayətlənirlər.

Buna baxmayaraq, fədakar müəllimlər də var ki, bütün güclərini sərf edərək şagirdlərini öyrədirlər. Onları gələcəyin istedadlı rəssamı, heykəltəraşı kimi yetişdirməyə çalışırlar. Belə müəllimlərdən biri də Mingəçevir şəhəri 3 saylı orta məktəbdə təsviri incəsənət dərsi tədris edən Svetlana Nikolayevnadır.

Svetlana Nikolayevna şagirləri ilə

63 yaşlı Svetlana müəllim Mingəçevir şəhərində anadan olub. İbtidai təhsilini bu şəhərdə aldıqdan sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib və doğma şəhərinə qayıdaraq müəllimlik fəaliyyətinə başlayıb. Hazırda işlədiyi məktəbin rusdilli bölməsində dərs deyən xanım müəllim həm yaradıcılıqla məşğul olur, həm də öz bacarıqlarını şagirdlərinə öyrədir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri həmin fədakar müəllimlə həmsöhbət olub. Dediyinə görə, Svetlana xanım düz 43 ildir bu sahədə çalışır: "Bir müəllim olaraq mənim borcum şagirdlərimi incəsənətə həvəsləndirmək, onları böyük rəssamlar və əsərləri ilə tanış etməkdir. Bilirsiniz, insan tək yaşayanda özünü nəyəsə həsr etməlidir, çalışmalıdır. Bəlkə də buna görədir ki, əsas enerjimi şagirdlərə həsr edirəm".

Çox sayda istedadlı və qabiliyyətli şagirdlərinin olduğunu deyən Svetlana müəllim valideynlərin övladlarının incəsənəti seçməsində maraqsız olduqlarından gileylənir: "Çox istedadlı şagirdlərim var ki, onlar gələcəyin Tahir Salahovları, Səttar Bəhlulzadələri ola bilərlər. Təəssüf ki, onlar yalnız məktəbdə məşğul olurlar. Belə görünür, valideynlər övladlarının incəsənətlə məşğul olmasını istəmirlər".

S.Nikolayevna belə valideynlərə haradasa haqq da qazandırır: "Valideynlər bu sahəni ciddi qəbul etmirlər. Bəlkə də haqlıdırlar. Bu sahədən gələcəkdə övladları üçün gəlir olmadığı qənaətindədirlər. Məncə, problem bundadır".

Zəhmətkeş müəllim buna baxmayaraq, şagirdlərinə gözəl rəsm əsərləri yaratmağı, müxtəlif tullantılardan maketlər hazırlamağı, rəngləməyi, bir sözlə, yaradıcılığın bu sahəsinə aid çox şey öyrədə bilib. Lakin uşaqların hazırladıqları eksponatları yığmağa sinif otağı yoxdur.

Şagirdlərin əl işləri

Svetlana xanım həmin əl işlərini müəllimlər otağı və koridorda saxlamaq məcburiyyətində qaldığını söyləyir: "Mən daha çox işlər görə bilərəm. Düşünürəm ki, bunun üçün ilk növbədə sinif otaqları olmalıdır. Əl işləri ora yığılmalıdır. Yeni gələn şagirdlər onlara baxıb incəsənətə daha çox həvəs göstərməlidirlər".

"Lakin təəssüflər olsun ki, boş otaq olmadığından bu işlər müəllimlər otağı və koridorda nümayiş olunur. Amma çox istəyərəm ki, bu əl işləri bir otaqda yerləşdirilsin. Uşaqlar incəsənətlə daha həvəslə məşğul olsunlar" — müsahibimiz vurğulayır.

Fədakar müəllim böyük həvəs və istəyindən asılı olmayaraq, iki il sonra təqaüdə çıxmaq məcburiyyətində qalacağından da şikayətlənir: "Artıq 63 yaşım var. Uzağı iki ilə məni məktəbdən çıxaracaqlar. Bu, əlbəttə, mənim üçün çox çətin olacaq. Lakin təqaüdə çıxdıqdan sonra yaradıcılıqla daha ciddi məşğul olmağı fikirləşirəm".

Anadangəlmə 3-cü qrup əlil olan Svetlana müəllim fiziki qüsurlular arasında 3 ildən bir keçirilən yaradıcılıq müsabiqələrində iştirak etdiyini, 2016-cı ildə keçirilən son sərgidə 2-ci yeri qazandığını da deyir. Bir övlad anası olan Svetlana Nikolayevnanın oğlu Bakıda yaşayır, bacı və qardaşları isə Rusiyaya köçüb. Ona dəfələrlə Rusiyaya köçmək təklifi edilsə də, "Mən burada anadan olmuşam, bura öz vətənimdir", — deyərək doğma şəhərini tərk etməyib.