Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 may — Sputnik. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə "İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması" adlı yeni 477-1-ci maddə əlavə edilib. Əlavə parlamentin aprelin 24-də keçirilən iclasında qəbul edilib.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliyin texniki xarakter daşıdığını deyib: "Bu, "İşsizlikdən sığorta haqqında" qanunda nəzərdə tutulmuş məqamların qanunvericilikdə öz əksini tapması istiqamətində atılan addımdır. "İşsizlikdən sığorta haqqında" qanunda da nəzərdə tutulub ki, işsizlik sığortası öhdəliyindən yayınma cəhdləri istənilən halda qanunvericiliyin pozulmasıdır və bu zaman sanksiyalar tətbiq olunur".
Ekspert əlavə edib ki, burada yük daha çox sığortaedənin üzərinə düşür: "Sığortaedən öz işçilərinin əməyini leqallaşdırmalı və əmək müqaviləsi şərtləri daxilində çalışan işçiləri üçün də sığortaçı ilə əməkdaşlığı təmin etməlidir. Hesabatlar, eyni zamanda ödənişlər Dövlət Sosial Müdafiə Fonduna ötürülməlidir".
İqtisadçı bu tətbiqin nə dərəcədə effektiv olacağından da danışıb: "Əvvəlki qanunlar hansı şəkildə əmək bazarında öz təsirini göstəribsə, bu da həmin səviyyədə olacaq. Əmək bazarının leqallaşmış hissəsi üzrə işsizliyə görə sığorta ödənişlərinin təhrif olunmasında ciddi problemlər olmayacaq".
"Burada, təxminən 800 mindən çox insan dövlət təşkilatlarında çalışanlardır. Və 800 min insanın işsizliyə görə sığortası üçün vəsait də ayrılıb və bunlar avtomatik olaraq yerinə yetiriləcək. Yerdə qalır, təxminən, 650 min özəl sektorda çalışan insan. Bunlar da nisbətən şəffaf fəaliyyət göstərməyə çalışan müəssisələrin işçiləridir və işsizliyə görə sığorta öhdəliyini yerinə yetirəcəklər", — müsahibimiz vurğulayıb.
R.Həsənovun fikrincə, bu prosesdə əsas problemlərdən biri odur ki, 5 milyon məşğul əhalinin 1 milyon 500 mini sığorta olunub, yəni muzdla, müqavilə ilə, hüquqi əsaslarla çalışırlar: "Digər əhəmiyyətli bir hissəsi, yəni 3,5 milyona yaxın insanın isə işsizliyə görə sığorta təminatı yox dərəcəsindədir. Düşünürəm ki, əmək bazarının leqallaşması istiqamətindəki tədbirlər sərtləşdirilməlidir. Amma sərt tədbirlər də heç də hər zaman nəticə vermir".
"Əmək bazarı nə üçün leqallaşmır?" sualına isə ekspert belə aydınlıq gətirib: "Çünki fiskal, vergi yükü həddindən artıq çoxdur. Məsələn, Azərbaycanda bir işçiyə görə sahibkar 14 faiz vergi, 22 faiz də icbari sosial sığorta ödənişi etməlidir. Üstəgəl, yeni qanunvericiliyə uyğun olaraq 0,5 faiz də işsizlikdən sığorta haqqı ödəməlidir. Yəni bir işçinin əmək haqqına görə sahibkarın xərci 36,5 faizdir. Bu isə faktiki olaraq ölkəmizdə qeyri-qanuni fəaliyyətləri stimullaşdıran əsas mexanizmdir".
Qeyd edək ki, dəyişikliklə sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni sığortaedən kimi sığortaçı da qeydiyyata durmamasına, işçiləri işsizlikdən sığorta etdirməməsinə, "İşsizlikdən sığorta haqqında" qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqının sığortaçıya ödənilməməsinə və s. görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Dəyişikliyin əsas məqsədi "İşsizlikdən sığorta haqqında" qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsidir.