İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 21 may — Sputnik. Düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində torpağa tapşırılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, dəfn mərasimində rayon icra hakimiyyətinin, rayon ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri iştirak ediblər.
Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.
Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub. Tərxis olunmağına iki ay qalmış düşmən gülləsinə tuş gəlib.