Zirvəni fəth etmək istəyən daha iki alpinist həlak olub

Onlardan biri ürək çatışmazlığından dünyasını dəyişib, digərinin ölüm səbəbləri müəyyənləşdirilir
Sputnik

BAKI, 21 may — Sputnik. İki əcnəbi alpinistin Everest zirvəsini fəth etmək cəhdi faciə ilə nəticələnib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Yaponiyadan olan 36 yaşlı Nobukadzu Kuriki və makedoniyalı 63 yaşlı alpinist Georgi Petkov həyatını itirib.

Onların cəsədləri yola çıxmaq üzrə hazırlaşdıqları dayanacaqlarda aşkar edilib. Makedoniyalı alpinist ürək çatışmazlığından dünyasını dəyişib. Yaponiyalı həmkarının isə ölüm səbəbləri müəyyənləşdirilir.

Yaponiyalı Nobukadzu Kuriki bir neçə dəfə dünyanın ən yüksək zirvəsini fəth etməyə çalışsa da, bu cəhdləri uğursuzluqla nəticələnib. 2012-ci ilə dağa dırmaşarkən donvurmadan 9 barmağını itirib.

Qeyd edək ki, Everest dünyada ən yüksək zirvədir. Onun hündürlüyü dəniz səviyyəsindən 8848 metr yüksəklikdədir.