Bayıl növbəti təhlükə ilə üz-üzə

Mayaklar qoyulana qədər bir neçə evin dam örtüyünün uçması və dağılması da müşahidə edilib
Sputnik

BAKI, 21 may — Sputnik. "Bayılda Buxta küçəsi 9 ünvanında sürüşmə, çökmə oaln ərazilərdə cümə günü 11 mayak qoyulub. Mayaklar qoyulana qədər bir neçə evin dam örtüyünün uçması və dağılması da müşahidə edilib". Bu sözləri Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək.

Bayılda Buxta küçəsi 9 ünvanında sürüşmə

Qaralovun sözlərinə görə, Bayılın girişində yerləşən, sovet dövründə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının yanında tikilən köməkçi binada çökmə meydana gəlib: "Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb. Binanın sütunlarından biri, təxminən 20 sm çöküb. 16 mərtəbəli bina yaşayış binasıdır. Amma yanında yeni inşa edilən bina başqa məqsədlərlə (alış-veriş mərkəzi, restoran və s.) tikilib.

Xatırladaq ki, Bayıl yamacında — "Buxta 9" ünvanında yerləşən yaşayış evlərində sürüşmə mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 ev tamamilə dağılıb, 20 ev isə təhlükə zonasında yerləşir. Ərazidən 22 ailə-55 nəfər sakin köçürülüb.