BAKI, 19 may — Sputnik. ABŞ prezidenti Donald Tramp ilə BMT-nın baş katibi Antonio Quterreş Ağ evdə görüşüblər.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Trampın Quterreş ilə görüşündə Şimali Koreya, Suriya, İran problemləri və BMT-də islahatlar məsələləri müzakirə olunub. Tramp BMT-nin daha effektli və məhsuldar işlər görməsi üçün Antonio Quterreşə dəstək olduğunu dilə gətirib.
Eyni zamanda, hər iki siyasətçi beynəlxalq məsələlərdəki əsas mövzularda birgə fəaliyyət göstərəcəklərini bildiriblər.
Tramp görüşdən sonra “Twitter”dəki hesabında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyliyə və baş katib Antonio Quterreşə təşəkkürünü bildirib.