İQTİSADİYYAT

Azərbaycanı real iqtisadi artım gözləyir: Nüfuzlu beynəlxalq qurumdan proqnoz

Qeyri-neft sektorunun da payının artması nəticə etibarı ilə iqtisadi artımla bağlı proqnoza yenidən baxılması və artırılması ilə bağlı qərarın qəbul edilməsinə gətirib çıxarıb
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci ildə Azərbaycanda iqtisadi artımla bağlı proqnoza yenidən baxıb. Hesabata görə, 2018-ci ildə ölkəmizdə 2 faizlik iqtisadi artım olacaq, inflyasiyanın səviyyəsi isə 7 faiz təşkil edəcək. 2019-cu ildə isə ümumi daxili məhsul 3,9 faiz artacaq, inflyasiyanın səviyyəsi 6 faiz olacaq.

Proqnozlarla bağlı Sputnik Azərbaycan-a danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, BVF sonuncu açıqlamasında Azərbaycanda iqtisadi artımla bağlı göstəricilərə dəyişiklik edib və iqtisadi artım tempini artırıb: “Bu, neftin dünya bazar qiymətinin yüksək olması ilə bağlıdır. Belə ki, büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da, reallıqda neftin qiyməti 30 dollar bundan çoxdur”.

“Hazırda "AzeriLight" markalı neftin qiyməti 80 dollar civarındadır. Nəticə etibarı ilə neft satışından əldə edilən gəlirlərdə artımlar var. Azərbaycanın dövlət rezervləri bu ilin birinci rübündə 2,2 milyard dollar artaraq 44,2 milyard dollara çatıb”, — ekspert əlavə edib. 

"Azərbaycanın aqrar sektorunun inkişafı sərgilərə marağı artırıb"

İqtisadçının sözlərinə görə, bu kontekstdən qeyri-neft sektorunda da artım ümumi artım tempini üstələyir: “Məsələn, sənayedə birinci rübdə 2 faiz artım qeydə alınıbsa, qeyri-neft sənayesində 10 faiz artım qeydə alınıb. Eləcə də aqrar sektorda 4,2 faiz, hətta, bitkiçilikdə 50 faizdən artıq artım qeydə alınıb. Bu da nəticə etibarı ilə qeyri-neft sektorunda payının artmasına gətirib çıxarıb”.

Ekspertin fikrincə, neftin dünya bazarındakı qiyməti əhəmiyyətlidir: “Neftin qiyməti artım tempinin müəyyənləşdirən əsas faktor olaraq qalmaqdadır. Amma qeyri-neft sektorunun da payının artması nəticə etibarı ilə iqtisadi artımla bağlı proqnoza yenidən baxılması və artırılması ilə bağlı qərarın qəbul edilməsinə gətirib çıxarıb. Ona görə də iqtisadi artım əvvəllər proqnozlaşdırıldığı kimi, 1,3 faiz deyil, 2 və daha yüksək faizlə ifadə oluna bilər”.

V.Bayramovun qənaətincə, 2019-cu ildə Azərbaycanda iqtisadi artımın yüksək qiymətləndirilməsi həm neftin qiyməti, həm də TANAP layihəsi vasitəsilə artıq 2018-ci ilin sonundan başlayaraq Azərbaycanın Türkiyəyə mavi qaz nəql etməsi ilə bağlıdır: “Güman olunur ki, hətta Avropa bazarına da ilkin olaraq mavi qazın 2019-cu ildə TAP layihəsi vasitəsilə çıxarılması mümkündür. Söhbət TANAP layihəsi vasitəsilə illik olaraq təxminən 8 milyard kubmetr əlavə qazın, TAP layihəsi vasitəsilə isə illik olaraq 10 milyard kubmetr mavi qazın nəqlindən gedir”.

O düşünür ki, bu da ölkəyə daxil olan vəsaitin həcminin artmasına və 2019-cu ildə daha yüksək iqtisadi artımın əldə edilməsinə şərait yarada bilər. Bu baxımdan, BVF-nin iqtisadi artımla bağlı proqnozları özünü doğrulda bilər. 

İpoteka kreditləri ilə ev almaq istəyənlərin işi asanlaşır

Ekspert əlavə edib ki, BVF-nin inflyasiya ilə bağlı proqnozundan fərqli olaraq biz daha yüksək inflyasiya proqnozlaşdırırıq: “2018-ci il üçün ölkədə təxminən 8 faiz, 2019-cu il üçün isə 10 faizə yaxın inflyasiya proqnozlaşdırırıq”.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında BVF-nin proqnozlarının Azərbaycan hökumətinin, ekspertlərinin verdiyi proqnozlarla uyğunlaşdığını deyib: “Ümumilikdə iqtisadiyyatın tikilməsi prosesi artıq Azərbaycanda arxada qalıb. Hazırki vəziyyətdə tədricən ümumi daxili məhsulun artımına doğru tendensiyanın şahidi oluruq”.

“Eyni zamanda, sərt pul-kredit siyasəti inflyasiyanın bir qədər cilovlanmasına, azalmasına səbəb olub. Lakin bununla yanaşı, sərt pul-kredit siyasəti orta və uzun müddətli, həmçinin strateji nöqteyi-nəzərdən nə inflyasiyanın azalmasına, nə də iqtisadi artım templərinin sürətlənməsinə səbəb ola bilər. Ona görə də tədricən pul-kredit siyasəti yumşalmalı, iqtisadi aktivliyin artmasına yönəlik fəal investisiya siyasəti həyata keçirilməlidir. Bu istiqamətdə də artıq müəyyən addımlar atılmaqdadır”, — E.Məmmədov vurğulayıb.

Professorun sözlərinə görə, Strateji Yol Xəritələrində də investisiya həcminin artırılması nəzərdə tutulub və tədricən investisiya layihələrinin işə düşməsi işgüzar fəallığın və ümumi daxili məhsulun son nəticədə artırılmasına səbəb olmalıdır. 

FED dollar barədə öz qərarını verdi

Ekspert düşünmür ki, məqsədyönlü şəkildə və elmi cəhətdən əsaslandırılmış investisiya və pul-kredit siyasətinin yumşalması inflyasiyanın artmasına səbəb olacaq: “Bank-kredit sektoru transmissiya funksiyasını düzgün həyata keçirə bilsə və pul kütləsinin məhz real sektora yönəlməsinə nail ola bilsə, iqtisadi artımın və ümumi daxili məhsulun artırılmasına, inflyasiyanın daha aşağı olmasına nail olmaq mümkün olacaq. Bunun reallaşması üçün ölkədə pul-kredit siyasəti yumşalmalı, investisiya layihələri artırılmalıdır”.

“Hər bir ölkə üçün 1-2 faiz iqtisadi artım templəri strateji nöqteyi-nəzərdən məqbul sayıla bilməz. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım templəri daha yüksək rəqəmlərlə ifadə olunmalıdır. Hesab edirəm ki, 8-10 faizədək iqtisadi artıma, paralel olaraq inflyasiyanın səviyyəsinin isə 5 faizdən aşağı düşməsinə nail olmaq hökumət qarşısında strateji bir hədəf olmalıdır”, — deyə professor bildirib.