BAKI, 17 may — Sputnik. Türkiyədə Hərbi Hava Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Sputnik AzərbaycanAnadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat barədə qərarı Ankara Baş Prokurorluğu verib.
Məlumata əsasən Prokurorluq FETÖ araşdırmaları çərçivəsində 101 hərbçinin həbs olunması barədə qərar qəbul edib. Həbs olunanlardan biri briqada generalı, 5-isə polkovnikdir.
Qeyd edək ki, bu, son bir həftə ərzində FETÖ araşdırmaları çərçivəsində hərbçilərə qarşı keçirilən 3-cü əməliyyatdır. Ümumilikdə bu əməliyyatlar zamanı 435 hərbçi həbs edilib.
Belə ki, mayın 15-i Türkiyədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı əməliyyat keçirilib.
Məlumata əsasən, Baş Prokurorluq FETÖ ilə əlaqəsi təsbit olunan HDQ-nin 34 hərbçisi haqqında həbs qərarı çıxarıb. Onlardan 31-i yüksək rütbəli hərbçidir.
Mayın 11-də isə Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib. Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında baş tutub.
Həmin prosesdə ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.