Türkiyə ilə İsrail arasında diplomatik skandal yaşanır

Qüdsdə və Qəzzada baş verən hadisələr iki ölkənin münasibətlərini daha da gərginləşdirib
Sputnik

BAKI, 16 may — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı Baş konsulu Yosef Leviyə bir müddətlik ölkəsinə dönməyi tövsiyə edib. Sputnik Türkiyə xəbər verir ki, ötən gün Türkiyənin Qüdsdəki baş konsulu da İsrailin Xarici İşlər Nazirliyinə çağırılmışdı.

İsrailin Türkiyəyə cavabı gecikmədi

Məlumata əsasən, İsrail XİN Türkiyə Baş konsulunu bir müddətlik məsləhətləşmələr üçün ölkəsinə qayıtmağa çağırıb.

Qeyd edək ki, İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, mayın 14-də Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib.

Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 59 nəfər ölüb, 2771 nəfər isə yaralanıb.