SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili Avropa Şurasının qərarının əsl səbəbini göstərdi

"Ola bilsin ki, nümayəndə heyətinin rəhbəri dəyişə bilər"
Sputnik

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan 

BAKI, 16 may — Sputnik. "Avropa Şurası hazırda böhran içərisində olan təşkilatdır". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün Azərbaycanın mövqeyi regionda sabitlik, inkişaf yaratmaqdır. Bu hadisənin baş verməsində ermənilərin və Azərbaycanın inkişafını isətəməyənlərin əli var. Onlar Azərbaycanın inkişafına problemlər gətirmək, onun Avropaya istiqamətinə əngəllər törətmək və Avropa-Azərbaycan münasibətlərində Azərbaycanı Avropa tərəfindən qınağa məruz qalan ölkəyə çevirməyə çalışırlar" — o bildirib. 

Səməd Seyidov: "Tələb edirdilər ki, qeyri-qanuni işlərlə məşğul olduğumu etiraf edim"

Səmədov vurğulayıb ki, təqdim olunan hesabatda 200 səhifə Azərbaycana, 4 cümlə Ermənistana həsr olunub: "Bu gün Ermənistanda baş verənlərin kökündə cəmiyyətdəki korrupsiya durur. Lakin niyə hesabatda bundan danışılmır? Bu da özlüyündə xeyli suallar doğurur. Azərbaycan Avropa Şurasından çıxa bilməz. Avropa Şurası böhran içərisində olan təşkilatdır".

Səməd Seyidovun sözlərinə görə, qurumda olan bəzi qüvvələr təşkilatın özünün fəaliyyətinə problem yaradır: "Bu hesabat, qərar Azərbaycana qarşı təzyiq kimi qəbul olunmalıdır. Azərbaycanın Avropa Şurasından çıxmağından söhbət gedə bilməz. Ola bilsin ki, nümayəndə heyətinin rəhbəri dəyişə bilər. Nümayəndə heyətinə başqa bir şəxs rəhbərlik edə bilər. Lakin istənilən halda Azərbaycanın haqq səsi, maraqlarını müdafiə etmək üçün Azərbaycan nümayəndə heyəti olmalıdır. Nümayəndə heyəti rotasiya qaydasında müəyyənləşəcək və qurumda fəaliyyətini davam etdirəcək".

Millət vəkili qeyd edib ki, AŞPA-da barəsində sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıranlardır: "Bəzi üzvlərin addımları bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir".