Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 16 may — Sputnik. Lerik Rayon Polis Şöbəsinin əməkdaşları uğurlu əməliyyat-axtarış tədbirləri keçiriblər. Belə ki, Sputnik Azərbaycan-ın bölgə müxbirinini DİN Mətbuat Xidmətinin Cənub Regional Qrupundan əldə etdiyi məlumata əsasən, Lerik rayonunun Piran kəndi ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon Ərçivan qəsəbə sakini 1994-cü il təvəllüdlü Ələmdar Rəhimov saxlanılıb.
Saxlanılan zaman Ə.Rəhimovun üzərinə baxış keçirilərkən əlindəki sellofan torbada 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Ələmdar Rəhimov narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini polisə etiraf edib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.