Dəhşətli qətliamdan sonra ölkəni etiraz aksiyaları bürüdü

İsrail əsgərlərinin Qəzzada törətdiyi qətliama qarşı paytaxt Təl-Əvivdə etiraz aksiyaları keçirilir
Sputnik

BAKI, 16 may — Sputnik. İsrail əsgərlərinin Qəzzada törətdiyi qətliama qarşı paytaxt Təl-Əvivdə etiraz aksiyaları keçirilir.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, yüzlərlə insanın qatıldığı etiraz aksiyasına polis müdaxilə edib.

Təl-Əvivdə küçələrə çıxıb yolları bağlayan yüzlərlə insan əllərində "Həqiqi güllədən istifadə etməyi dayandır" yazılmış plakatlar tutub və "Ərəblər və yəhudilər düşmən olmağı rədd edir" şüarları səsləndiriblər. 

İsrail rəhbərliyinə qarşı keçirilən aksiyaları bir qrup sol görüşlü aktivist təşkilatlar təşkil edib. Aksiyanın təşkilatçıları ölən fələstinlilərin silahsız gənclər olduğunu qeyd ediblər.

Etiraz aksiyası İsrail mətbuatı tərəfindən işıqlandırılmayıb.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 59 nəfər ölüb, 2771 nəfər isə yaralanıb.