Paytaxta iki istiqamətdən giriş bağlandı

Avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb
Sputnik

BAKI, 16 may — Sputnik. Bakının bəzi ərazilərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Yenə də yollar bağlanır, həm də 3 istiqamətdə

O bildirib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yoluna yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır. Bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

Eyni zamanda, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

"Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", — deyə Nəcəfli əlavə edib.