BAKI, 15 may — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qərarı ilə Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov dopinq-testdən keçə bilmədiyi üçün 4 il müddətinə diskvalifikasiya olunub. Bu qərar 2017-ci il noyabrın 24-dən qüvvəyə minib. 69 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının orqanizmində istifadəsi qadağan olunmuş boldenon preparatı aşkarlanıb. Onun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək.
Xəbəri Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev təsdiqləyib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki il əvvələ baxanda, bu gün dopinqə düşənlərin sayı xeyli sayda azalıb: "Biz dopinqlə mübarizə aparırıq və yavaş-yavaş nəticə əldə edirik. 2016-c ildə bir nəfər, 2017-ci ildə daha bir nəfər idmançımız dopinqə düşüb. Əslində dopinqə düşmək yaxşı hal deyil. Amma keçmiş ilə müqayisədə uğurlu addımlar atıldığını demək olar".
K.Məstəliyev iddia edir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tez-tez milli komandanın idmançılarını dopinq testdən çıxarır: "Bunun özü də idmançıların öz üzərində işləməsinə səbəb olur. Sadəcə bir qədər vaxt lazımdır ki, biz dopinqin komandadan yox olmasına nail olaq. O ki qaldı İsa Rüstəmova, o, AMADA-nın yox WADA-nın dopinq testinə düşüb. Keçən il onlar Azərbaycana gələrək idmançılardan test götürdülər. Və nəticə də belə oldu. Hansısa dərman qəbul edib onun içində bu maddə olub".
"İsa Rüstəmov gənc və perspektivli, Azərbaycan və beynəlxalq yarışlarda özünü təsdiqlədən idmançı idi. Müəyyən perspektivlik var idi. Amma onun 4 illik disfikasiya olunması milli yığma üçün elə də ağır itki deyil", —deyə federasiyanın mətbuat xidmətinin rəhbəri əlavə edib.