HADİSƏ

Cəmiyyətdə şok effekti yaratmış hadisəyə rəsmi reaksiya gəldi

"Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Əkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb"
Sputnik

BAKI, 12 may — Sputnik. Abşeron rayon İcra Hakimiyyəti əlil Fuad Ələkbərovla bağlı mediada yayılan məlumatla əlaqədar Sputnik Azərbaycan-a təkzib məktubu göndərib. Xatırladaq ki, məlumatlarda Abşeron İH-nin əlilə qarşı qanunsuzluğa yol verdiyi, Əkbərovun isə buna cavab olaraq özünü yandırdığı bildirilir.

İH-dən redaksiyamıza göndərilən məktubda deyilir: "11.05.2018-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırıb. Qeyd etmək istərdik ki, Fuad Əkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. 

Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Əkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. F.Əkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırıb və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparıb. 

Hal-hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanılmış və istintaq aparılır".