BAKI, 11 may — Sputnik. Türkiyənin baş naziri Binali Yıldırım Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyanın Türkiyə ilə ön şərtsiz diplomatik əlaqələr qurmağa olduqları ilə bağlı sözlərinə münasibət bildirib.
Sputnik AzərbaycanHaberturk-ə istinadən xəbər verir ki, Yıldırım bu barədə cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
"Ermənistan illərdən bəri Türkiyəyə qarşı sərgilədiyi düşmənçilik mövqeyindən, Türkiyənin ərazi bütövlüyü, sərhədlərinə qarşı yanlış mövqeyindən vaz keçirsə, hər şeydən imtina edirsə, yeni səhifə açmaq istəyirsə, bunlarla bağlı detalları gördükdən sonra ona uyğun qarşılıq verərik. Başda qonşularımız olmaqla, biz heç kimlə düşmən mövqedə olmağı arzu etmirik. Belə bir istək varsa, bunu ölkəmizin mənfəətləri çərçivəsində dəyərləndirərik", – deyə Türkiyə baş naziri vurğulayıb.