TƏHLİL

Əhaliyə sıxıntı yaşadan dörd səbəb aradan qalxdı, "ağ günə" çıxırıq

Ekspertdən nikbin proqnoz: "Bu məhsulların qiyməti aşağı düşə bilər"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 4,5% artıb. Cari ilin mart ayında fevrala nisbətən, ərzaq məhsulları 0,5% bahalaşıb. Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında ərzaq məhsullarının qiymətlərində 5,8%, aylıq müqayisədə isə 0,4% faiz artım olub.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında bu ilin yanvar-mart aylarında ərzaq məhsullarının qiymətindəki artımı şərh edib. O deyib ki, qiymətlərdəki artımın bir sıra səbəbləri var.

"Birinci səbəb bu dövrdə tələbatın çox olması ilə əlaqəlidir. Mövsümi olmadığına görə yerli kənd təsərrüfatı məhsullarının tükənmə dövrüdür. Bu dövrdə kənardan gələn məhsullar daha çox üstünlük təşkil edir. Tələbatı ödəmək üçün təklif olunan məhsul az olur. Bu da qiymət artımına gətirib çıxarır" — ekspert bildirib.

"İkincisi, ümumiyyətlə, il dəyişən zaman bazarlarda qiymətlərin qalxması və çox zaman qalxan qiymətin düşməsi prosesinin ləng getməsi xarakterik xüsusiyyətlərdən biridir və bəzən heç düşmür də", — deyə o, əlavə edib.

R.Atakişiyevin sözlərinə görə, üçüncü səbəb onunla bağlıdır ki, xarici valyutaların qiymətlərində bahalaşma olduğu zaman bu, qiymətlərə də öz təsirini göstərir və xaricdən məhsullar baha qiymətə gəlib çıxır: "Dördüncü səbəb ölkə üzrə şirkətlərdə, müəssisələrdə artıq şəffaf fəaliyyətin genişlənməsidir. Əvvəlki dövrdə olan yayınmalara nisbətən şəffaflıq (açıq şəkildə uçota alınma, vergi ödənmə) özünü göstərir. Yəni qiymət vergilərlə bir yerdə gəlib öz yerinə düşmüş oldu".

Müsahibimiz deyib ki, növbəti dövrlərdə, xüsusən yay aylarında kənd təsərrüfatı məhsullarının təklifinin artması nəticəsində qiymətlərin aşağı düşməsi ehtimalı yaranır: "Eyni zamanda da mal və qoyun ətlərinin qiymətində. Ümumiyyətlə, bu dövrlərdə insanlar daha çox kənd təsərrüfatı məhsullarına üstünlük verirlər. Digər məhsullardan az istifadə edilməsi də bu məhsulların qiymətlərinə təsir göstərə bilər".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin mart ayında qoyun ətinin, zeytun və marqarin yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma olub.

Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və toyuq ətinin, yumurtanın, kərə və qarğıdalı yağlarının, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.