BAKI, 11 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-ü Soçidə ikitərəfli görüş keçirəcək. Sputnik Azərbaycan"RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bazar ertəsi Soçidə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti keçiriləcək. Putinin Paşinyan, Jeenbekov (Qırğızıstan prezidenti), Lukaşenko (Belarus prezidenti) və Nazarbayevlə (Qazaxıstan prezidenti) ikitərəfli görüşləri olacaq. Kifayət qədər gərgin gündəlikdir" – deyə Peskov qeyd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.