Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 may — Sputnik. Quba rayonunda inək oğruları saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in mətbuat xidmətinin Quba rayonunun regional qrupundan məlumat verilib.
Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbətlər kənd sakini M.Hacıyevin həyətindən 8 baş xırda buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb. Araşdırma zamanı onların Bakı şəhər sakini Asif Vəliyev və Quba rayon sakini Amil Əmirov olduqları müəyyən edilib.
Aparılan axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxslərin mayın 1-də Səbətlər kəndinin daha bir sakini Ə.Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurladıqları da müəyyən edilib.
Dindirilmə zamanı A.Vəliyev və A.Əmirov törətdikləri cinayəti etiraf ediblər, oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.