BAKI, 10 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.
Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Bildirib ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.