BAKI, 10 may — Sputnik. "Luçşe vsex" (Hamıdan yaxşı) uşaq istedadlar televiziya şousunda rusiyalı aparıcı Maksim Qalkini heyrətləndirən hind rəqslərinin balaca mahir ifaçısı Elina Məmmədova hind dilində oxumağa qərar verib.
Bu barədə Sputnik Azərbaycan balaca rəqqasənin Instagram səhifəsinə istinadla xəbər verir. Məmmədova burada oxuduğu məşhur hind mahnısı "Kuch kuch Hota hai"-in videosunu da paylaşıb.
"Bu, bir çox insanın sevimli mahnısıdır. Düşünürəm ki, bu mahnı mənim ifamda da sizin xoşunuza gələcək" – deyə Məmmədova bildirib.
O, hind mədəniyyətinin fanatı olan bacısı Emiliya Məmmədova ilə birgə oxuduğu bir neçə mahnını da paylaşıb.
Elina Məmmədova ailəsi ilə birlikdə Moskvada yaşayır. Onun 7 yaşı var. İki yaşından başlayaraq nənəsi ilə birlikdə hind filmlərinə baxması, onda hind mədəniyyətinə maraq oyadıb. O, 5 yaşından hind rəqsləri ilə məşğul olmağa başlayıb. Böyük auditoriyaya öz rəqs məharətini göstərdiyi "Luçşe vsex" televiziya uşaq istedadlar şousunda iştirak etdikdən sonra Rusiyada şöhrət qazanıb. Məmmədova digər layihələrdə də iştirak etmək niyyətindədir.