BAKI, 9 may — Sputnik. İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri hərbçilərimizin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.
Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.