HADİSƏ

Türkiyədə Ərdoğanın tərəfdarı keçmiş prezidentə hücum edib

Naməlum yaşlı bir kişi Abdullah Gülü xəyanətdə ittiham edib
Sputnik

BAKI, 9 may — Sputnik. Türkiyədə Adapzarında dəfn mərasimində iştirak edən keçmiş prezident Abdullah Gül gözləmədiyi hadisə ilə qarşılaşıb.

Sputnik Türkiyə xəbər verir ki, dəfn zamanı bir kişi “Vətənə xəyanət edənlərlə birlikdə hərəkət edirsən. Rəsimə xəyanət etdin” deyərək Gülə hücum edib. Polis həmin kişini həbs edib.  

Ötən gün 80 yaşında vəfat edən keçmiş nazir Cevat Ayhanın cənazəsi Ankaradakı mərasimdən sonra Adapazarı şəhər mərkəzindəki Orhan məscidinə gətirilib. Cənazə namazına Abdullah Gül ilə yanaşı bir çox nazirlər, millət vəkilləri, bələdiyyə sədrləri də qatılıb.

Cənazə namazından sonra tabut çiyinlərdə daşınaraq cənazə avtomobilinə qoyulub. Bu arada kütləyə yaxınlaşan naməlum yaşlı bir kişi Abdullah Gülü xəyanətdə ittiham edib. Saxlanılıb polis avtobusuna aparılan şəxs “Rəisimə xəyanət etdiyi üçün qışqırdım” deyə bildirib.

Həmin şəxsin "rəisim" deyərkən bir çox türkiyəlilər kimi hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutduğu bildirilir.