Amerikada Azərbaycan barədə daha bir mühüm bəyənnamə qəbul edildi

Qubernator tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edib və ən xoş arzularını çatdırıb
Sputnik

BAKI, 9 may — Sputnik. ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. 

Konsulluğa göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edib və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk bəyannamə deyil. Belə ki, qubernator B.Sandoval 2017-ci ildə Xocalı faciəsi ilə də bağlı bəyannamə imzalayaraq, bu faciəni pisləyib.

ABŞ-da Azərbaycanla bağlı möhtəşəm qərar

Respublikaçılar Partiyasının üzvü olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

Onu da xatırladaq ki, bu, ABŞ-da Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ilk qərar deyil. Bu günlərdə Amerikanın tarixi və tanınmış Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyanat verib. Bəyanatda 1918-ci il 28 may tarixində müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Daha sonra ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayaraq, 2018-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb.