BAKI, 8 may — Sputnik. Özünü milyonçu elan edən çinli qadını 118 uşağı övladlığa götürdüyünə görə həbs ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Çində şəxsi uşaq evinin sahibi olan qadını 118 uşağı övladlığa götürdüyünə və onlara milyon yuan xərclədiyinə görə həbs ediblər. Qadın yetimlərin vəsaitini mənimsəməkdə ittiham olunur.
Li Lijuan 1996-cı ildən uşaqları övladlığa götürməyə başlayıb. 2007-ci ildən isə Hebei vilayətinin Uan şəhərində "Sevgi kəndi" uşaq evini yaradıb. Yerli hakimiyyətin məlumatına görə, özünü milyonçu elan edən qadın yığılan ianələri öz şəxsi ehtiyacları üçün xərcləməyə başlayıb. O, daşınmaz əmlak və bahalı avtomobil alıb, bank hesabına böyük miqdarda pul yatırıb.
Qadın həbs olunduğu zaman uşaq evində 74 uşaq tərbiyə edilirmiş. Qadının övladlığa götürdüyü yetimlərdən bəzilərinin valideyni də varmış. Lijuan müavinət almaq üçün onların adından istifadə edirmiş.
Artıq uşaq evi bağlanıb və yerli hakimiyyətin məlumatına görə, 74 uşaq yetərincə qayğı ilə təmin edilib. Polisin məlumatında bildirilir ki, uşaq evində oğurlanmış uşaqların da yaşadığı istisna edilmir. Buna görə də, orada yaşayan bütün uşaqlardan barmaq izi və qan nümunəsi götürülüb.