BAKI, 8 may — Sputnik. Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etmə qadağası iyunun 24-də bitəcək.
Sputnik Türkiyə xəbər verir ki, Səudiyyə Ərəbistanı Nəqliyyat Baş direktoru Muhəmməd Əl Bəssami bildirib ki, ölkədəki qadınların avtomobil idarə etməsi mövzusunda hər şey hazırdır.
O qeyd edib ki, 18 yaşından yuxarı bütün qadınlar sürücülük vəsiqəsi ala bilmək üçün müraciət edə bilər.
Ölkədə 5 şəhərdə qadınlar üçün sürücülük kursları açılıb və bu kurslarda xarici ölkələrdə sürücülük vəsiqəsi almış qadın müəllimlər dərs keçəcək.
"Səudiyyə Ərəbistanında bir çox qadının xaricdə sürücülük vəsiqəsi aldığı sirr deyil" – deyə o əlavə edib.
Xatırladaq ki, 2017-ci il sentyabrında Səudiyyə Ərəbistanında yayımlanan krallıq qərarnaməsi ilə dünyada bir tək bu ölkədə olan qadınlara avtomobil sürmə qadağasının sona çatacağı bildirilmişdi.