Ermənistanın baş naziri seçildi

Onu deputatların 59-u dəstəkləyib, 42 deputat isə əleyhinə səs verib
Sputnik

BAKI, 8 may — Sputnik. Ermənistan Milli Məclisi bu gün keçirilən xüsusi iclasında ölkənin baş nazirini seçib. Sputnik Ermənistan-ın verdiyi məlumata görə, baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Nikol Paşinyan

"Ermənistan Respublikasına xidmət edirəm", — deyə qələbə nitqini söləyən Paşinyan bildirib.

Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib ki, ölkədə inqilabın qalib gəlməsi "Dağlıq Qarabağ"ın önündə yeni imkanlar açır: "Bizim hərəkatımız Qarabağa təhlükə deyil, hətta onun önündə yeni imkanlar açır".

Ermənistan müxalifətinin lideri, həmçinin əlavə edib ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazırdır: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazıram".

O, bu məqamda daha da irəli gedərək separatçı və qondarma rejimin üçüncü tərəf kimi danışıqlara cəlb olunmasına nail olacağını bildirib.

"Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalacaq və Yerevan bu strukturlarda üzvlüyün Respublika üçün maksimum səmərə gətirməsi üçün səylərini göstərəcək. Rusiya ilə strateji tərəfdaşlığın inkişafı Ermənistan üçün prioritetlərdən biridir", — Paşinyan vurğulayıb.

Sarkisyandan İlham Əliyevə qəribə jest

Onun sözlərinə görə, Rusiya ilə hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinin təmin olunmasında əsas faktor kimi nəzərdən keçirilir. Paşinyan, həmçinin Avropa İttifaqı (Aİ) və Avropa strukturları ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb: "Əminəm ki, ötən ilin noyabrında Ermənistan ilə Aİ arasında bağlanan hərtərəfli və genişlənmiş əməkdaşlıq haqda Saziş Yerevanın maraqlarına cavab verir. Yeni hökumət Aİ-ilə viza rejiminin ləğv üçün əlindən gələn hər şeyi edəcək".

Paşinyan bildirib ki, ümumilikdə ölkənin müdafiə qabiliyyətini möhkəmləndirəcək, sosial-iqtisadi vəziyyətin müsbət inkişafına çalışacaq. 

O, əsas diqqəti gələcək hökumətin sosial-iqtisadi siyasətinə, eləcə də ölkədə bütövlükdə mənəvi-psixoloji mühitin yaxşılaşdırılmasına yönəldib. Onun çıxışının əsas motivləri insanlar üzərindəki cərimələr kabusuna son qoymaq, biznesə nəfəs almağa imkan vermək üzərində qurulub. Bununla yanaşı, o qeyd edib ki, vergi qanunvericiliyi hamıya eyni dərəcədə tətbiq ediləcək.