CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli mənzil müəmması böyüyür: Texniki nasazlıq, yoxsa...

“Dövlət Təhlükəsizlik Xidməti bu məsələni hökmən araşdırmalıdır"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Dünən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər. Belə ki, dünən saat 10.00 radələrindən sayta daxilolmada problemlər yaranıb. Bir saatdan sonra problem həll olunsa da, mənzillərin artıq satıldığı məlum olub. Şikayətçilər bildirir ki, hazırkı vəziyyətdə nəticələr obyektiv və şəffaf deyil.

Mənzil İnşaatı Dövlət Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi birgə açıqlamada deyilir ki, mənzillərin satıldığı "Elektron hökumət" portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, "Güzəştli mənzil" layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq "Elektron hökumət" portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb.

Güzəştli mənzillər gözləntiləri doğrultdumu - Ekspert şərhi

Lakin ilk mənzillərin seçimi mərhələsində "Elektron hökumət" portalında və "Güzəştli mənzil" sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 7 may 2018-ci il tarixində saat 11.50-yə qədər "Güzəştli mənzil" sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş verib.

Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib. Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları operativ qaydada aradan qaldırıb.

Sputnik Azərbaycan yaranmış problem barədə bir neçə mütəxəssisin fikrini öyrənib. Məsələyə münasibət bildirən İKT mütəxəssisi Vahid Qasımovun sözlərinə görə, bu, saytı hazırlayan mütəxəssislərin problemidir. Çünki onlar saytı hazırladıqları zaman bu qədər girişin olacağını nəzərə almayıblar. Bu da bilgi yetərsizliyinin nəticəsidir.

"Hər bir saytın anlıq trafiki var və istifadəçilərin sayı artdıqca anlıq trafik də artır. Əgər saytın trafiki tələb olunan limitin altındadırsa, artıq daxilolma baş verən zaman istifadəçilər heç bir məlumat əldə edə bilmirlər. 

Ekspert: “Güzəştli mənzillər bazardakı qiymətlərə təsir edəcək”
Ancaq daxil olanlar da ola bilər, hansı ki, əvvəllər daxil olub, trafiki alıblar. Yeni daxil olmaq istəyənlər isə daxil olmaya bilərlər" – ekspert deyib.

V.Qasımov bildirib ki, trafik dolu olsaydı və sayt açılmasaydı, evlərin satışı baş tuta bilməzdi: "Mənə elə gəlir ki, bu hadisənin altında başqa şeylər var. Bəzi istifadəçilər sayta daxil ola bilər, amma növbəti əməliyyat üçün davam etmək mümkün olmayacaq. Hansısa bir şəxsin belə trafik şəraitində bütün əməliyyatları həyata keçirə bilməsi ehtimalı olduqca zəifdir. Bu, texniki olaraq mümkün deyil".

Ekspert qeyd edib ki, hansısa şəxsin saytda bütün əməliyyatları yerinə yetirməsi o zaman mümkün ola bilər ki, sayt sahibi hansısa İP-lərə blok qoysun: "Ola bilər ki, dövlət müəssisələrinin İP-ləri açıq olsun, qalan digər provayderlərin İP-nə blok qoyulsun. Yəni müəyyən nazirliyin İP-si açıq olub və o nazirliyin əməkdaşları istədikləri əməliyyatları həyata keçirə bilib. Amma bu fərziyyədir. Bunu dəqiqləşdirmək üçün serverin bloklarına baxmaq lazımdır ki, kimə blok qoyulub, kim daxil ola bilib".

Məsələyə hüquqşünas Səməd Vəkilov da münasibət bildirib. O xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə görə, hər bir şəxsin bərabərlik hüququ var. Həmçinin də dövlətin təklif etdiyi güzəştli mənzil əldə etmək hüququndan istifadə edən insanların.

Vəkilov qeyd edib ki, bu məsələnin texniki problem olması müəmmalıdır: “Əgər texniki problemdirsə, niyə almaq istəyən subyektlərin bəzisi daxil ola bilir, bəzisi yox? Obyektivlik naminə satış nəticələri ləğv edilməli və sayt bütün gücü ilə bu satışa hazır olduğu zaman satış həyata keçirilməlidir. Hazırkı vəziyyətdə isə bərabərlik hüququ pozulub”.

Prezidentdən vətəndaşlara güzəştli mənzillə bağlı vacib fərman

Hüquqşünas vurğulayıb ki, mənzillərin satıldığı saytın müəmmalı şəkildə müvəqqəti olaraq işləməməsi və problem aradan qaldırıldıqdan sonra mənzillərin satılıb qurtarması məsələsində MİDA və Rabitə Nazirliyinin açıqlaması ilə kifayətlənmək olmaz: “Dövlət Təhlükəsizlik Xidməti bu məsələni hökmən araşdırmalıdır. Çünki açıqlama verən hər iki qurum bu məsələdə maraqlıdır. Problemin kökü məsələdə maraqlı olmayan 3-cü bir qurum tərəfindən araşdırılmalıdır. Bu zaman məsələyə daha obyekt qiymət vermək olar".

"Bu məsələdə gəlir əldə etmək məqsədi ilə bəzi qüvvələr əvvəlcədən razılaşaraq həmin mənzillərin satılmasını təmin edə bilər. Bunu araşdırmadan obyektiv qiymət vermək olmaz. Kənar bir qurum bunu bütün detalları ilə araşdırsa, daha obyektiv olar. Bununla yanaşı, satılmış 260 mənzili alan şəxslərin tərkibi də araşdırılmalı və nəticələr ləğv edilməlidir. Hazırkı vəziyyətdə satışı obyektiv və şəffaf hesab etmək olmaz" – deyə Vəkilov qeyd edib.

İqtisadçı Vüqar Bayramov isə deyib ki, ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi: “Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi prosesə hazır olsa da, təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı. Nəticədə, elektron sistemdə fasilələr və eləcə də seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı. Halbuki, mayın 7-si saat 10.00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənildiyinə görə bu sistem əvvəlcədən test edilməli idi".

Özbaşınalığa son: Artıq yeni mənzil və fərdi evlərin sahibləri "kupça" ala biləcəklər

İqtisadçı bildirib ki, sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarə edilməsi çox vacibdir: “Mayın 7-də sosial mənzilləri seçən, amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edə bilməyənlərə əlavə zamanın verilməsi və onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır”.

“Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzər alaraq, elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var” – Bayramov əlavə edib.