BAKI, 7 may — Sputnik. Vladimir Putin dördüncü dəfə prezident kimi Rusiya Federasiyasının Konstitusiyasına əl basaraq and içib. Sputnik Azərbaycan xəbər verir ki, Putin inauqurasiyanın keçirildiyi zala "Korteş" ("Aurus") adlı yerli istehsal olan avtomobillə gedib.
Daha sonra Vladimir Putin zaldakı qonaqlarla salamlaşıb. Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putinin prezident seçildiyini elan edib. Andiçmədən sonra Rusiyanın Dövlət Himni səslənib.
Prezident Putin andiçmə mərasimindən sonra çıxış edib. O, bir sıra maraqlı məsələlərə toxunub. Putin bəyan edib ki, Rusiyanın dinc və çiçəklənən gələcəyi üçün hər şeyi etməyi öz borcu və həyatının mənası hesab edir.
O, eyni zamanda qeyd edib ki, Rusiya öz maraqlarını müdafiə etməyi və vətən üçün qüruru dirçəltməyi bacardı: "Biz öz maraqlarımızı müdafiə etməyi, vətən üçün qüruru, bizim ənənəvi dəyərlərimizi dirçəltməyi bacardıq. Təcrübə göstərir ki, biz bu gün də əldə etdiklərimizi qorumalı və təbii ki, bu əsasda yalnız irəli getməliyik".
Rusiyanın prezidenti çıxışı zamanı bildirib ki, ölkənin təhlükəsizliyi və müdafiə qabiliyyəti etibarlı şəkildə təmin olunub: "Rusiya beynəlxalq həyatın güclü, aktiv, nüfuzlu iştirakçısıdır. Ölkənin təhlükəsizliyi və müdafiə qabiliyyəti etibarlı şəkildə təmin olunub. Bundan sonra da bu məsələlərə lazımı diqqət ayıracağıq".
Vladimir Putin, eyni zamanda həyatın bütün sahələrində Rusiyanın sıçrayışlara ehtiyacının olduğunu bildirib: "Bizə həyatın bütün sahələrində sıçrayışlar lazımdır. Əminəm ki, bu cür sıçrayışı yalnız bütün yenilikləri və ən son nailiyyətləri qəbul edən və ədalətsizliyi, durğunluğu qəbul etməyən azad cəmiyyət təmin edə bilər".
Dövlət başçısı yeni dönəmdə dövlətin prioritet hədəflərinin təhsil və səhiyyənin keyfiyyətinin artırılması, həmçinin anaların və uşaqların mühafizəsinin təşkil olduğunu və bu hədəflərə nail olmaq üçün səylərini əsirgəməyəcəyini bildirib: "Hər bir insan, hər bir Rusiya ailəsinin ehtiyaclarına yönələn müasir sosial siyasəti aktiv şəkildə aparacağıq. Təhsil və səhiyyənin keyfiyyətini artıracağıq. Xüsusi diqqəti isə ənənəvi ailə dəyərləri – analıq və uşaqlara ayıracağıq".
Çıxışının sonunda, o qeyd edib ki, Rusiya mütləq uğura nail olacaq və o bunun üçün əlindən gələni edəcək: "Biz mütləq uğur əldə edəcəyik. İnanıram ki, belə olacaq! Bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm. Sizə minnətdaram!"