CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Dövlət Neft Fondu barədə qərar verdi

Dəyişiklik nəticəsində bundan sonra Müşahidə Şurası (MŞ) Fondun icraçı direktorunun vəzifə təsnifatı və dərəcələri üzrə vəzifə maaşının məbləğlərini təsdiq edəcək
Sputnik

BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamında" dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.3-cü bəndinin on birinci abzasından və 5.6-cı bəndinin ikinci cümləsindən “(Fondun İcraçı direktoru istisna olmaqla)” sözləri çıxarılır. Sərəncamla isə Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 297; 2008, № 7, maddə 615; 2010, № 7, maddə 689; 2013, № 6, maddə 688) 4.2-ci bəndindən “(Fondun İcraçı direktoru istisna olmaqla)” sözləri çıxarılır.

Dəyişiklik nəticəsində bundan sonra Müşahidə Şurası (MŞ) Fondun icraçı direktorunun vəzifə təsnifatı və dərəcələri üzrə vəzifə maaşının məbləğlərini təsdiq edəcək.

Bu vaxta qədər MŞ icraçı direktor istisna olmaqla yalnız Fondun idarə edilməsi ilə bağlı xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində Fondun Aparatının işçilərinin vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq edirdi.

Fondun Müşahidə Şurasına baş nazir rəhbərlik edir.