Ermənistanda qüvvələr balansı və fiqurların yeri dəyişir

Bu ölkədə hakim partiya müxalifətə keçir
Sputnik

BAKI, 7 may — Sputnik. "Ermənistanın hakim Respublika Partiyası (ERP) etirazçıların lideri Nikol Paşinyanın baş nazir seçiləcəyi təqdirdə müxalifətə keçməyə hazırdır". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ERP-in parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib.

"Hakimiyyətdə həmişəlik qalmağa qərar verərək siyasətə daxil olanlar bunu yalnız maraq üçün edirlər. Siyasi gücün hakimiyyətdə və ya müxalifətdə olacağına dair heç bir zəmanət yoxdur. Təbii ki, biz müxalifət olmağa hazırıq", — deyə Baqdasaryan jurnalistlərə bildirib.

O, eyni zamanda vurğulayıb ki, ERP heç vaxt ölkənin maraqları və təhlükəsizliyinə maneə yaratmayacaq: "Opponentlərimizdən fərqli olaraq biz pozitivi görməyə və neqativi tənqid etməyə hazırıq".

Baqdasaryan əlavə edib ki, ERP-də ölkənin xarici siyasət və təhlükəsizlik məsələlərində mümkün dəyişikliklərlə bağlı narahatlıq qalmaqdadır.