Bakıda əcnəbiləri "soyan" bələdçi yaxalandı

Məlum olub ki, o, evdə heç kimin olmadığını bilərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb
Sputnik

BAKI, 7 may — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib. Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Bakıda inanılmaz oğurluq: Mənzildən 200 min manat pul, 100 minlik qızıl aparıldı

Araşdırmalar zamanı məlum olub ki, aprelin 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək "isti izlər"lə saxlanılıb.

Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, evdə heç kimin olmadığını bilərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb. Mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Əcnəbi vətəndaşlar onların müraciətlərinə dərhal reaksiya verilməsinə və operativliyə görə polis əməkdaşlarına təşəkkür ediblər.