TƏHLİL

Eyyub Hüseynov: “Azərbaycanda təhlükəli siqaretlər istehsal olunur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkəmizdə təhlükəli siqaretlər istehsal olunur və ondan, xüsusən uşaqlar istifadə edir
Sputnik

Eyyub Hüseynov: “Qanunların icrasında böyük problemlər yaşanır”
“Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları” təsdiq edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda siqaret çəkmək əleyhinə aparılan mübarizə aşağı səviyyədədir: 

“Ölkə prezidenti bununla bağlı davamlı olaraq fərmanlar və tapşırıqlar verir. On il öncə qəbul edilən “Tütün və tütün məmulatları haqqında” Azərbaycan Respublikasının Qanununda bir çox maddələr insanların xeyrinə idi. Yeni dəyişikliklərdə isə daha üstün şeylər var. Buna baxmayaraq nəticə yoxdur. Azərbaycan dünyanın az ölkələrindəndir ki, supermarketlərə daxil olanda insanları ilk olaraq siqaret piştaxtaları qarşılayır. Qanunlar qəbul olunur, lakin onun icrasında böyük problemlər yaşanır. Ölkəmizdə təhlükəli siqaretlər istehsal olunur və ondan, xüsusən uşaqlar istifadə edir. Həmçinin əmtəə bazarında qaçaq yolla gətirilmiş siqaretlər var”. 

Qeyd edək ki, 29 dekabr 2017-ci ildə dövlət başçısı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz