BAKI, 4 may — Sputnik. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Ordu generalı Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsi qurbanlarını da yad edib. Başbuğa burada 20 yanvar faciəsi barədə məlumat verilib. O, Dağüstü parkdan paytaxta açılan mənzərəni izləyib.
Daha sonra 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad edən Qafqaz İslam Ordusunun şəhidlərinin uyuduğu "Türk şəhidliyi"ni də ziyarət edib
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ Xəzər Universitetinin Dünya Məktəbində mühazirə deyib. Başbuğ çıxışında mavi rəngin türklük rəmzi olduğunu xatırladıb.
"Mavi rəng çox önəmlidir. Zatən sizin bayrağınızdakı əsas, üstdəki mavi rəng də türklüyü bildirir. Mərhum Heydər Əliyevin dediyi kimi həqiqətən Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Heydər Əliyevin xatirəsini də hörmətlə yad edirəm. Doğrudan, Azərbaycanın bugünkü inkişafa nail olmasında onun böyük rolu var. Bu səbəbdən bir Türkiyə vətəndaşı olaraq onun ruhuna dua oxuyuram", — Başbuğ bildirib.
Ordu generalı Osmanlı dövlətinin ən çətin günlərini yaşasa da, Azərbaycana kömək etmək üçün hərbi qüvvə göndərdiyini xatırladıb: "Təsəvvür edin, 1918-ci ildir. Osmanlı imperiyası üçün Fələstin cəbhəsi var, İraq cəbhəsi var, Boğazlar uğrunda müharibə aparır. İstanbul işğal ediləcək, donanmalar gələcək. Osmanlı imperiyası tarixinin ən çətin dövrünü yaşasa da, Azərbaycan Xalq Cümhuriyyətinin "Gəl, bizə kömək et" tələbinə müsbət cavab verir. Bu, çox önəmlidir. Qafqaz İslam Ordusu yaradılır, təxminən 10 mindən çox şəxsi heyəti olan hərbi qüvvə təşkil olunur. Bu qüvvə 15 sentyabr 1918-ci ildə Bakıya daxil olur".
İlkər Başbuğ gənclərə öz tövsiyələrini də verib: "Bu tövsiyələrimi xüsusilə dinləyin. Əgər bir şey sizə rahatlıqla verilibsə, bunun uğrunda mübarizə aparılıb. Mübarizə ilə əldə edilən çox şeylərin dəyərini gənclər anlamırlar. Bu vəziyyətə necə gəldik, bunun üçün nə qədər fədakarlıqlar olub. Bu faktları, xüsusilə gənc nəsillərə, o hadisələri görməmiş, yaşamamış insanlara anlatmaq lazımdır. Bu, Türkiyə üçün də vacibdir, Azərbaycan üçün də, Kipr üçün də".
Xatırladaq ki, İlkər Başbuğ Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi (28 avqust 2008- 27 avqust 2010) olub. O, ilk xarici səfərini də, məhz Azərbaycana edib.